
Ramiz Novruzov
- Doğum tarixi
- 25 may 1955 · Əkizlər
- Ölüm tarixi
- 21 fevral 2023 (67 yaş)
- Doğum yeri
- Səmədabad
Ramiz Qəvvam oğlu Novruz (Ramiz Novruzov) Biləsuvarın Səmədabad qəsəbəsində anadan olub. M.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun dram və kino aktyorluğu fakültəsində təhsil alıb (1974-1978, Adil İsgəndərovun kursu). Təyinatla H.Ərəblinski adına Sumqayıt Dövlət Teatrına göndərilib (1978-1981). 1981-ci ildə Akademik Milli Dram Teatrının truppasına daxil olub. Bir neçə pyes yazıb, bunlardan ikisi tamaşaya qoyulub. 20 yanvar hadisələrindən bəhs edən "At ilinin birinci ayı" adlı pyes Gəncə Teatrında Bəhram Osmanovun rejissorluğu ilə tamaşaya qoyulub (1992). Həmin pyes əsasında film-tamaş çəkilib. 1996-cı ildə yazdığı "Hələ sevirəm deməmişdilər" pyesi Bəhram Osmanovun rejissorluğu ilə Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında tamaşaya qoyulub (2002). Eduardo de Filipponun "Silindr" əsərini rus dilindən Azərbaycan dilinə tərcümə edib, rejissor kimi tamaşaya qoyub, həmçinin bu əsərdə Attillio rolunu ifa edib. Azərbaycan televiziyasında “Mən azərbaycanlıyam” verilişinin aparıcısı olub. Beynəlxalq Teatr Festivallarının mükafatçısıdır. Xarici film istehsalçılarının “Sui-qəsd” (2004, rejissor Vadim Ostrovski / Rusiya) serialında çeçen komandiri Ramzan Salmanov rolunda çəkilib. Əməkdar artist (1993), Xalq artisti (1998) Ramiz Novruz 21 fevral 2023-cü ildə vəfat edib.
