
Mişel Mersye
- Doğum tarixi
- 1 yanvar 1939 (87 yaş) · Oğlaq
- Doğum yeri
- Nitsa, Fransa
Mişel Mersye — dünya şöhrətli fransız aktrisasıdır, o, ən çox Anjelika haqqında çəkilmiş tarixi ekran əsərlərindəki baş rolu ilə tanınır. 1 yanvar 1939-cu ildə Nitsada fransız və italyan ailəsində dünyaya gələn aktrisanın əsl adı Joslindir. Uşaqlıqdan rəqslə maraqlanan Mersye valideynlərinin ailəvi əczaçılıq biznesini davam etdirmək tələbinə baxmayaraq 17 yaşında Parisə getmişdir. Orada Çarli Çaplinlə tanışlığı onun ingilis dilini öyrənməsinə və Londonda aktyorluq dərsləri almasına səbəb olmuşdur. 1957-ci ildə ilk kinorolunu alarkən prodüserlərin tələbi ilə adını dəyişərək Mişel qoymuş, daha sonra İtaliya və Böyük Britaniyada müxtəlif janrlı filmlərdə çəkilərək məşhurlaşmışdır. Aktrisanın yaradıcılıq bioqrafiyasında ən mühüm dönüş 1963-cü ildə rejissor Bernar Borderinin ona tarixi qəhrəman obrazını təklif etməsi ilə baş vermişdir. Beləliklə, böyük uğur qazanan «Angélique, marquise des anges» (1964), «Merveilleuse Angélique» (1965), «Angélique et le roy» (1965), «Indomptable Angélique» (1967) və «Angélique et le sultan» (1968) filmləri yaranmışdır. Mişel Mersyenin iştirak etdiyi filmlər sırasında həmçinin «Tirez sur le pianiste» (1960), «Goodbye Again» (1961) və Jan Qabenlə birgə çəkildiyi «Le tonnerre de Dieu» (1965) kimi ekran əsərləri də mühüm yer tutur. Ekrandakı böyük uğurlara baxmayaraq, əlverişsiz müqavilələr səbəbindən aktrisa maddi rifah qazana bilməmiş, 1999-cu ildə şəxsi əşyalarını satışa çıxarmaq məcburiyyətində qalmışdır. İki rəsmi və iki vətəndaş nikahında olan aktrisa heç vaxt övlad sahibi olmayıb. O, 1984-cü ildə kinodan uzaqlaşaraq yalnız 14 ildən sonra yenidən görünmüşdür. 2006-cı ildə Fransa hökuməti Mişel Mersyeni İncəsənət və Ədəbiyyat Ordeni ilə təltif etmişdir.



