
Ceyn Rassel
- Doğum tarixi
- 21 iyun 1921 · Əkizlər
- Ölüm tarixi
- 28 fevral 2011 (89 yaş)
- Doğum yeri
- Bemici, ABŞ
Ceyn Rassel — 1940-cı illərin və 1950-ci illərin əvvəllərinin məşhur seks-simvolu sayılan amerikalı teatr və kino aktrisasıdır. Tam adı Ernestina Ceyn Ceraldina Rassel olan sənətçi 21 iyun 1921-ci ildə ABŞ-ın Minnesota ştatının Bemici şəhərində, hərbçi ata və qastrol truppasının aktrisası olan ananın ailəsində anadan olub. Gənc yaşlarından musiqi və teatra maraq göstərən Rassel, aktyorluq dərsləri almazdan əvvəl model kimi fəaliyyət göstərib. Texaslı milyonçu Hovard Hyuzun diqqətini çəkdikdən sonra Ceyn Rassel böyük uğur qazanıb. İkinci Dünya müharibəsi zamanı o, hərbçilər üçün təşkil olunan səhra konsertlərində çıxış edib. Ceyn Rassel iştirakı ilə filmlər arasında ən yaddaqalan ekran işlərindən biri Merilin Monro ilə tərəf-müqabili olduğu və Doroti Şou obrazını canlandırdığı «Gentlemen Prefer Blondes» (1953) komediyasıdır. Övladı olmadığı üçün üç uşaq övladlığa götürən aktrisa, 1955-ci ildə Ümumdünya Övladlığagötürmə Fondunu təsis edib və bu təşkilat vasitəsilə 38 min uşağın ailə tapmasına dəstək olub. Ceyn Rassel 28 fevral 2011-ci ildə Kaliforniyanın Santa-Mariya şəhərində vəfat edib.

