
Möhsün Sənani
- Doğum tarixi
- 19 iyun 1900 · Əkizlər
- Ölüm tarixi
- 11 fevral 1981 (80 yaş)
- Doğum yeri
- Tbilisi
Möhsün Sadıq oğlu Cəfərov (Sənani) - Azərbaycan teatr və kino aktyoru, Azərbaycan SSR xalq artisti (1949). Möhsün Sənani 1900-cü ildə Tiflisin "Şeytanbazar" məhəlləsində ruhani ailəsində anadan olmuşdur. 4–5 yaşında ikən ata-anasını itirmiş, nənəsinin himayəsində qalmışdır. 1906-cı ildə nənəsi onu mədrəsəyə qoyur. Nənəsinin məqsədi nəvəsini mollalığa hazırlamaq və gələcəkdə onu atası kimi mərsiyəxan eləmək idi. Lakin Möhsün nə mədrəsəni oxuyub başa çatdıra bilir, nə də ki nənəsinin arzusu yerinə yetir. 1908-ci ildə nənəsi vəfat edir, xalası molla Zinyət onu öz himayəsinə götürür. Molla Zinyət Azərbaycanın xalq artisti Əli Qurbanovun anasıdır. Molla Zinyət Möhsünü öz uşaqlarından çox istəyir. O, Sənaninin oxuması ilə şəxsən məşğul olur. Ancaq Zinyət xanımın da vəziyyəti yaxşı deyildi. Onun özünün ailə üzvləri də çox idi. Buna baxmayaraq, o, Möhsünü də, onun bacısını da doğma övladı kimi böyüdür. Kiçik yaşlı Möhsün özünün və bacısının xalasına bir yük olduğundan xəcalət çəkir. Odur ki, 1909-cu ildən işləməli olur. O, Şeytanbazarda hər cür əzab-əziyyətə və böyük zəhmətə qatlaşır. Səhnə həvəsi Sənanidə yeniyetmə yaşlarından baş qaldırmışdı. O, yerli teatrların və Tiflisə qastrola gələn artistlərin tamaşalarına böyük həvəslə baxırdı. Möhsün həm teatr aktyorlarının oyununa, həm də meydanlarda oxuyan dərvişlərin səsinə fikir verir və onları təqlid edir. Bu minvalla özünün oxumaq qabiliyyətini inkişaf etdirir. 1911-ci ildə Möhsün birinci dəfə geniş izdiham qarşısına çıxır. Böyük həyəcan keçirsə də, onun çıxışı dinləyicilərə, tamaşaçılara dərin təsir bağışlayır. Möhsün 1912-ci ildə kiçik həvəskarlar dərnəyinə qoşulur və bu dərnəkdə birpərdəli səhnələrdə oynamağa başlayır. Möhsünün ilk rejissoru Tiflis müsəlman artistləri dəstəsinin müqqədir komik aktyoru Mirzəxan Quliyev olmuşdur. Beləliklə, Mirzəxan Quliyev və Möhsünə tamaşa edən Mirzəli Abbasov, Mustafa Mərdanov, İbrahim İsfahanlı kimi Tiflis aktyorları, onun istedadına ümid edirlər[1]. Bu ümid Möhsünün səhnəyə olan eşqini daha da artırır. Möhsünün bu sənətinə paxıllıq edən və onun həvəsini söndurmək istəyənlər atası Molla Sadığın dostları idi. Bununla belə, Möhsünü sevənlər çox idi. İşsiz qalmış Möhsünü yaxın bir gürcü dostunun atası "Vano dayı" tramvay parkında qulluğa düzəldir. O, burada aldığı maaşla özünü, bacısını təmin etməklə yanaşı, xalasının da vəziyyətini yüngülləşdirirdi. Dövrünün ziyalı və tanınmış adamları Tiflisdə yaradılmış bu teatr dərnək və cəmiyyətlərinə yardım olaraq tez-tez müşavirələr keçirərdilər. Belə müşavirələr Mustafa Mərdanovun atası Hacı Həşim Mərdanovun bəzzaz dükanında olurdu.



